Ombudsman Aparatı: Elgiz Qəhrəmanın bədənində hər hansı xəsarət müşahidə olunmayıb

Ombudsman Aparatı: Elgiz Qəhrəmanın bədənində hər hansı xəsarət müşahidə olunmayıb Bəzi şəxslər öz xahişləri ilə təkbətək dinlənilib
Hadisə
22 Avqust , 2016 13:24
Ombudsman Aparatı: Elgiz Qəhrəmanın bədənində hər hansı xəsarət müşahidə olunmayıb

Bakı. 22 avqust. REPORT.AZ/ Milli Preventiv Qrupun üzvləri tərəfindən başçəkmələr davam etdirilir.

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, təqsirləndirilən şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində müəssisənin müxtəlif obyektlərində həbs olunmuş şəxslər qəbul edilib, rəftar məsələləri və yay rejiminə keçməklə bağlı saxlanılma şəraiti, havalandırma, qidalanma, su təminatı, tibbi yardım, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası üzrə görülmüş işlər yerində araşdırılıb.

Başçəkmə çərçivəsində Müvəkkilə müraciət edənlərlə yanaşı, bəzi şəxslər öz xahişləri ilə təkbətək dinlənilib, müraciətləri qəbul edilib.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə saxlanılan Elgiz Qəhrəman, habelə Bayram Məmmədov, Qiyas İbrahimov və başqaları təkbətək qəbul ediliblər.

MPQ-nin həkim üzvünün iştirakı ilə Elgiz Qəhrəmanın baş və bütöv bədən səthinin vizual müayinəsi keçirilib, hər hansı xəsarət müşahidə olunmayıb və yekunda tərtib olunmuş aktda özü də bunu imzası ilə təsdiqləyib. Tibbi kitabçasına baxış zamanı həmin şəxsin Bakı istintaq təcridxanasında ilkin tibbi müayinədən keçirildiyi və müayinə zamanı bütün bədən səthində xəsarət izi aşkar edilmədiyi məlum olub.

Ümumilikdə isə qəbul edilmiş şəxslər bu müəssisədə saxlanılma şəraitindən və rəftardan razı olduqlarını, ailə üzvləri ilə maneəsiz telefon əlaqəsi yaratdıqlarını, sovqat qəbul etdiklərini, vəkillə görüşdüklərini bildiriblər. Onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hüquqi məsləhətlər verilib.

Başçəkmənin sonunda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə müvafiq sənədləşmənin aparılması işinin və yay rejiminə keçməklə əlaqədar saxlanılma şəraitinin, tibbi xidmətin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi