Bakı. 24 oktyabr. REPORT.AZ/ Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının başlayacağı tarix müəyyənləşib.
Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iclas noyabrın 1-nə təyin edilib.
İşə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.
Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.