Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq rəisi Hicran Rüstəmovun məhkəməsi başlayıb.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin əvvəlki vəkilləri məhkəməyə gəlmədiklərinə görə dövlət hesabına yeni vəkil təyin olunub. Müdafiə tərəfi hazırkı vəziyyətdə hər hansı bir vəsatət qaldırmayıb. Prokuror cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.
Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən iclasda hakimlər heyətinin qərarına əsasən prokurorun vəsatəti təmin edilib.
Baxış iclası may ayının 30-na təyin edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə H.Rüstəmov qulluq mövqeyindən istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.