​Nardaran hadisələrinə görə həbs edilən şəxsə hökm oxunub

​Nardaran hadisələrinə görə həbs edilən şəxsə hökm oxunub Ələkbər Qurbanov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
4 İyul , 2016 10:31
​Nardaran hadisələrinə görə həbs edilən şəxsə hökm oxunub

Bakı. 4 iyul. REPORT.AZ/ Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs edilən Ələkbər Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, sonuncu iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Qurbanov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum və onun müdafiəçisi Osman Kazımov apellyasiya şikayəti verib. İş üzrə Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası iyulun 5-nə təyin edilib. İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci ilin noyabrın 26-da Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyat zamanı 2 polis əməkdaşı qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, bir çox üzvü, o cümlədən Ə.Qurbanov də saxlanılaraq istintaqa təqdim edilib.

Ə.Qurbanov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.  

Son xəbərlər

Orphus sistemi