Müğənni teleaparıcı ilə bağlı daxili işlər nazirinə müraciət edəcək

Müğənni teleaparıcı ilə bağlı daxili işlər nazirinə müraciət edəcək Samir Piriyev: "Mən 50 faiz Kamrana, 50 faiz də onun bacısı Gülərə inanmışam"
Hadisə
2 Aprel , 2016 13:09
Müğənni teleaparıcı ilə bağlı daxili işlər nazirinə müraciət edəcək

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün vəkil Ceyhun Yusifov, hüquqşünas Ruslan Əhmədoğlu və müğənni Samir Piriyev dələduzluqda ittiham etdiyi teleaparıcı Kamran Həsənlinin cinayət işiylə əlaqədar mətbuat konfransı keçirib.

"Report"un məlumatına görə, vəkil fevral ayının 2-dən Nərimanov Rayon Prokurorluğunda cinayət işinin açıldığını deyib.

Vəkil Ceyhun Yusifov qeyd edib ki, K.Həsənli Samir Piriyevdən 2009-cu ildən istifadə edib: "Kamran Həsənlinin əməlində dələduzluq var. Bunu hüquq-mühafizə orqanları araşdırsın. Bu işdə Kamran Həsənlinin bacısı Gülər Həsənlinin də əli qaçılmazdır. Samir Piriyev birbaşa pulu Kamran Həsənliyə verib. Kamran Həsənli mətbuatda deyib ki, guya Samir onu bezdirdiyi üçün Kamran Həsənli yeganə avtomobilini ona verib. Axı bu necə olur?! Bizdə onlar arasında olan 30-a yaxın danışığın səs yazısı var. Kamran Həsənli Samir Piriyevə bildirib ki, həmin pulları guya Erhan adlı Türkiyə vətəndaşına verib. Bu vaxta qədər hələ Gülər xanımın ifadəsi alınmayıb. Niyə? Çünkü işi düzgün araşdırmırlar. Yaxın günlərdə Kamran Həsənlinin əməli ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət olunacaq. Biz istəyirik ki, həmin Türkiyə vətəndaşı Bakıya gətirilsin. Bizdə olan səs yazılarında Kamran Həsənlinin bu əməlində başqa şəxslərin də adı çəkilib".

Hüquqşünas Ruslan Əhmədoğlu K.Həsənlinin mətbuatda yalan məlumatlar yaydığını deyib: "Kamran Həsənli hər yerdə deyib ki, "mənə dedilər rahat ol". Kamran bu işi bacısı Gülərlə birgə edib. Həmişə Gülər Həsənli Samirə zəng edib, yalandan işin yolunda olduğunu bildirərək onu təbrik edirmiş. Guya Türkiyədəki obyektin fəaliyyəti öz qaydasındadır. Bunların hamısı yalan imiş".

Samir Piriyev isə K.Həsənlinin etibardan sui-istifadə etdiyini deyib: "Kamranı belə bilməzdim. Mən 50 faiz Kamrana, 50 faiz də onun bacısı Gülərə inanmışam. Mən də bu işi hüquqi yolla həll etməyə məcbur oldum. 2009-cu ildə 115 min manatı Kamrana verəndən sonra mənə dedi ki, Türkiyədə səhmlər alacağıq. Sonra razılaşmadım, Türkiyədən Bakıya gəldim. Pulumu istəyəndə mənə bildirdi ki, həmin pulları səhmlərə yatırmışam. Dedim ki, pulları əgər səhmlərə yatırırsansa, niyə mənim adıma yatırmırsan?! Mən uşaq oldum, onlara aldandım. Bu puldan Kamran Həsənli yalnız 15 min manatını qaytardı, eyni zamanda, öz avtomobilini verdi. Həmin ildən bu yana hələ də ondan 80 min manatımı ala bilmirəm. Kamran mənə evini satıb pullarımı qaytaracağını dedi. Lakin hələ də vədinə əməl etmir. Mən Kamrana pulu verəndən bir müddət sonra, yay ayında Erhanı bizimlə söhbətə gətirmişdi. Erhan mənə dedi ki, pulu tikinti işlərinə yatıracağıq. Ona "sən kimsən, səni tanımıram" dedim. Sonra həmin şəxs sağollaşıb oranı tərk etdi. Erhan 10 dəqiqə ərzində gördüyüm şəxsdir. Onunla başqa söhbətimiz olmayıb".

Qeyd edək ki, bir müddət əvvəl S.Piriyev mətbuata açıqlamasında teleaparıcı Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi