Bakı. 21 yanvar. REPORT.AZ/ Barəsində həbs qətimkan tədbiri seçilmiş Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı açıqlanıb.
R.Səfərovun vəkili Bəhruz Bayramov “Report”a bildirib ki, R.Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinə yanvarın 22-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.
Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.