​Moskvada azərbaycanlını amansızlıqla qətlə yetirən polis əməkdaşlarına hökm oxunub

​Moskvada azərbaycanlını amansızlıqla qətlə yetirən polis əməkdaşlarına hökm oxunub Şəxsi taksi fəaliyyəti ilə məşğul olan kişi aldadılaraq pusquya salınıb və orada ona təqribən 80 bıçaq xəsarəti yetirilib.
Hadisə
27 Dekabr , 2014 04:45
​Moskvada azərbaycanlını amansızlıqla qətlə yetirən polis əməkdaşlarına hökm oxunub

Bakı. 27 dekabr. REPORT.AZ/ Dekabrın 26-da Moskva vilayət məhkəməsi azərbaycanlının amansızlıqla qətlə yetirilməsində müqəssir bilinən üç qanun keşikçisi barəsində qərar çıxarıb.

"Report" Rusiya Federasiyası Baş Prokurorluğunun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, şəxsi taksi fəaliyyəti ilə məşğul olan kişi aldadılaraq pusquya salınıb və orada ona təqribən 80 bıçaq xəsarəti yetirilib.

Məhkəmənin qərarı ilə Rusiya Daxili İşlər Nazirliyinin Xoroşevo-Mnevniki rayan şöbəsinin post-patrul xidmətinin əməkdaşları Dmitri Kolotovkin və Artyom Skubak müvafiq olaraq 17 və 16 illərini dəmir barmaqlıqlar arxasında keçirəcəklər. Onlar həbs cəzalarını ciddi rejimli müəssisədə çəkəcəklər.

Həmçinin Moskva sakini Andrey Alyoxin 14 il müddətinə azadlıqdan məhrum edilib. Cəmi dörd nəfər cəzalarını ciddi rejimli islah-əmək müəssisəsində çəkəcək.

Hadisənin beşinci fiqurantı Moskva sakini Aleksey Vasilyevdir. O, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işinin materiallarına görə, 2012-ci il sentyabrın 5-də 21 yaşlı Kolotovkin taksi fəaliyyəti ilə məşğul olan 22 yaşlı azərbaycanlı Seymur Ağayevlə tanış olub.

Özünü adi sərnişin kimi göstərən polis, Seymurdan onu Moskva vilayətinin Zaqoryanski qəsəbəsinə aparmasını xahiş edib. Həmin yerdə 26 yaşlı Vlasenko, 22 yaşlı Skubak, 23 yaşlı Alyoxin və 19 yaşlı Vasilyev qarşılayıblar.

"Təyin olunan yerə gələn zaman Kolotovkin sürücüyə hücum edib və onun bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr endirməyə başlayıb. Alyoxin zərərçəkənə metal boru ilə ən azı iki zərbə endirib, Skubak isə teleskop qurğusu ilə onun başından vurub", - deyə Prokurorluğun məlumatında bildirilir.

Taksi sürücüsü aldığı yaralardan yerində keçinib. Məhkəmə - tibbi ekspertizası Seymur Ağayevin təqribən 77 bıçaq zərbəsi aldığı qənaətinə gəlib.

Qətli törədən polislər mərhumun "BMW 530i" markalı minik avtomobilini, 30 min rubl pulunu və "iPhone"sini mənimsəyiblər. Onlar meyiti meşədə gizlədiblər.

Öldürülənin atası Ağahüseyn Ağayevin fərziyyəsinə görə, Seymur paqonlu reketirlərə pul vermək istəmədiyi üçün qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi