Mətbuat katibi: "Ev quşları bir kənddə tələf olub"

Mətbuat katibi: "Ev quşları bir kənddə tələf olub" Baytarlıq nəzarəti tədbirləri davam etdirilir
Hadisə
16 Aprel , 2016 20:44
Mətbuat katibi: Ev quşları bir kənddə tələf olub

Bakı. 16 aprel.REPORT.AZ/Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aprelin 16-da bir sıra kütləvi informasiya vasitələrində Quba və Xaçmaz rayonlarında ev quşları arasında kütləvi tələfatın qeydə alınması barədə məlumata münasibət bildirib. DBNX-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, məlumat daxil olan kimi Quba və Xaçmaz rayon baytarlıq idarələrinin əməkdaşları Qubanın Amsarqışlaq, Barlı, Bağbanlı, Hacıhüseyinli, Alekseyevka, İqrıq, Qam-qam, Rustov, Hacıqayıb, Ərməki, Yelenovka kəndlərində, Dəvədabanı massivi və Zərdabi qəsəbəsində, həmçinin Xaçmaz rayonunun bir çox kəndlərində araşdırmalar aparıblar.

Araşdırmalar zamanı kəndlərin heç birində ev quşlarının kütləvi tələf olması faktına təsadüf edilməyib. Yalınız Amsarqışlaq kəndində 4-5 baş tələf olmuş və yerə basdırılmış ev quşunun cəsədi aşkar olunub.

Ərazidə profilaktik və dezinfeksiya tədbirləri, eləcə də araşdırmalar aparılıb və quşlardan müayinə üçün nümunələr götürülərək Quba zona baytarlıq laboratoriyasına göndərilib. Müayinə zamanın quşlarda heç bir infeksion xəstəliyin törədicisi müəyyən edilməyibr.

Aparılan araşdırmlarla yanaşı, adları qeyd edilən ərazilərdə baytarlıq nəzarəti tədbirləri davam etdirilir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələf olma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.

Son xəbərlər

Orphus sistemi