Məktəb direktorunun oğlunun apellyasiya şikayətinə baxılıb

Məktəb direktorunun oğlunun apellyasiya şikayətinə baxılıb Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb
Hadisə
18 Aprel , 2016 11:49
Məktəb direktorunun oğlunun apellyasiya şikayətinə baxılıb

Bakı. 18 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Aqşin Həsən oğlu Məmmədov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

"Report"un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. A.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, A.Məmmədov uzaq qohumu, 16 yaşına çatmadığı ona məlum olan 1998-ci il təvəllüdlü Ə.N-ya (adı şərti olaraq göstərilib) qarşı seksual xarakterli hərəkətlər etməkdə günahlandırılıb. A.Məmmədov Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham olunub.

2015-ci il sentyabr ayının 10-da Səbail Rayon Məhkəməsinin hökmü ilə A.Məmmədov 1 il müddətinə azadlıqdan məhrum edilib. Lakin zərərçəkmiş şəxs məhkəmənin hökmündən apellyasiya şikayəti verib. Ə.N-nin vəkili Vasif İsrafilov tərəfindən hazırlanan şikayətdə Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin hökmünü ləğv edib, A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 152-ci maddəsinin sanksiyası həddində 2 ildən daha ağır cəza, yəni 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini istəyib. Məhkumun müdafiəçisi Ağaveys Şahverdi isə təqsirləndirilən şəxsə bəraət verilməsini tələb edib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesin ilkin qərardan zərərçəkmiş şəxsin müdafiəçisi kassasiya şikayəti verib. Vəkil prosesin məhkəmə istintaqı aparılmaqla keçirilməsini istəyib. Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən şəxs isə məhkəmənin şikayət qaydasında aparılmasını tələb edib. Ali Məhkəmə məhkəmənin şikayət qaydasında aparılması barədə qərar çıxarıb. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, A.Məmmədov İsmayıllı rayonu, Qurban Heydərov adına Gideyli kənd ümumi orta məktəbinin direktoru Həsən Məmmədovun oğludur.

Son xəbərlər

Orphus sistemi