Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib Apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayətinə baxılıb
Hadisə
20 İyun , 2016 15:15
Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

Bakı. 20 iyun. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilən Tovuz rayon sakini, 1973-cü il təvəllüdlü Eldəniz Aslanovun barəsində çıxarılmış bəraət hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayətinə baxılıb.

“Report”un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Emil Aslanov çıxış edib. Vəkil çıxışında zərərçəkmiş tərəfindən verilən şikayətin və prokurorun protestinin əsassız olduğunu bildirib. Daha sonra məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası qərarı elan edib. Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti əmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2014-cü il yanvar ayının 2-də Binəqədi rayonunda baş verib. Eldəniz Aslanov bacısının əri Faiq Mustafayevlə mübahisə edib. Daha sonra ailə münaqişəsi zəminində o, F.Mustafayevi bıçağın dəstəyi ilə vurub. E.Aslanov bacısının ərinin şikayəti əsasında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib. Binəqədi Rayon Məhkəməsində, hakim Vüqar Həsənovun sədrliyi ilə keçirilən məhkəmə istintaqı zamanı müəyyən edilib ki, zərərçəkmişin ekspert rəyi ilə müəyyən edilmiş sağ almacıq sümüyünün alın çıxıntısının sınığı hadisədən xeyli əvvəl avto-qəza nəticəsində yaranıb. Məhkəmə heyəti E.Aslanov barəsində bəraət hökmü çıxarıb.

Son xəbərlər

Orphus sistemi