​Məhkəmə keçmiş nazirin xalası oğlunun ölüm işinin materiallarını istintaqa qaytarıb

​Məhkəmə keçmiş nazirin xalası oğlunun ölüm işinin materiallarını istintaqa qaytarıb Təqsirləndirilən şəxsin vəsatəti təmin edilib
Hadisə
3 Noyabr , 2015 15:46
​Məhkəmə keçmiş nazirin xalası oğlunun ölüm işinin materiallarını istintaqa qaytarıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ötən iclasda müdafiə tərəfinin qaldırdığı vəsatətə baxılıb. Vəkil cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini və istintaq zamanı cinayət içinin sübutlarının saxtalaşdırıldığını, kobud səhvə yol verildiyini bildirib.

Dövlət ittihamçısı çıxış edərək bildirib ki, qaldırılan vəsatət əsassızdır.

Daha sonra məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası qərar verib. Qərara əsasən, vəsatət təmin edilib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qətiimkan tədbiri isə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub.

O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Son xəbərlər

Orphus sistemi