Azərbaycanda bir məhkəmə sədrinə və iki hakimə töhmət verilib

Azərbaycanda bir məhkəmə sədrinə və iki hakimə töhmət verilib Eyni zamanda iki hakimə irad tutulub, habelə bir hakim barədə intizam icraatı başlanılıb
Hadisə
14 May , 2015 19:18
Azərbaycanda bir məhkəmə sədrinə və iki hakimə töhmət verilib

Bakı. 14 may. REPORT.AZ/ Bu gün Məhkəmə-Hüquq Şurasının yenilənmiş tərkibdə ilk iclası keçirilib. Şuradan "Report"a verilən məlumata görə, iclasda bir sıra təşkilati məsələlərə baxılıb, yeni Şura üzvü təyin edilən şəxslərə xidməti vəsiqələr təqdim olunub.

Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxışında dövlətin sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların, həyata keçirilən möhtəşəm layihələrin yüksək qürur hissi yaratdığını bildirib, dövlət başçısının məhkəmə sisteminin müasirləşdirilməsinə dair tapşırıqlarının icrası üzrə əldə edilən nailiyyətləri vurğulayıb, o cümlədən Məhkəmə-Hüquq Şurasının fəaliyyət göstərdiyi 10 il ərzində məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin şəffaf seçiminin və tədrisinin təşkili, onların fəaliyyətinin prinsipial qiymətləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər neqativ halların aradan qaldırılması üzrə ardıcıl tədbirlərə toxunub.

Məhkəmə-Hüquq Şurasının müasir informasiya və kommunikasiya vasitələri ilə təchiz edilmiş yeni konfrans zalında keçirilən tədbirdə Şuranın 10 illiyinin qeyd edilməsi ilə bağlı müxtəlif məsələlərə baxılıb, ədalət mühakiməsinin tarixinə və ümummilli lider Heydər Əliyevin müasir məhkəmə sisteminin yaradılmasında roluna həsr olunan Muzeyin təsis olunması xüsusi vurğulanıb, habelə yerli məhkəmələrlə video-konfrans üsulu ilə canlı əlaqə qurularaq onlar müzakirələrə cəlb olunub.

Həmçinin iclasda Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddətlərinin bitməsi ilə əlaqədar Komitənin formalaşdırılması üçün yuxarı məhkəmələr, prokurorluq və vəkillər kollegiyası tərəfindən irəli sürülən və digər namizədlər müzakirə olunaraq onların sırasından Komitə üzvləri seçilib.

İclasda hakimlər barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Nizami rayon məhkəməsinin sədri Məhəmməd Əkbərova, həmin məhkəmənin hakimi Ramil Həsənova, Gəncə Ağır cinayət məhkəməsinin hakimi Mübariz Məmmədova töhmət verilib, 1 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinin hakimi İntizar Bayramovaya və Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Elnur Nuriyevə irad tutulub, habelə bir hakim barədə intizam icraatı başlanılıb.

Son xəbərlər

Orphus sistemi