Bakı. 22 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Nicat Əsədov barəsində çıxarılan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.Əsədovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, N.Əsədov soyğunçuluqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsi ilə ittiham olunub.
Yasamal Rayon Məhkəməsi N.Əsədov barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib.