Maşallah Əhmədovun məhkəməsinin baxış iclası keçirilib

Maşallah Əhmədovun məhkəməsinin baxış iclası keçirilib Hər iki zərərçəkən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu vurğulayıb
Hadisə
18 Oktyabr , 2016 12:27
Maşallah Əhmədovun məhkəməsinin baxış iclası keçirilib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə jurnalistlər məhkəmə zalından çıxarılıb.

Prosesdə ittiham aktı elan edildikdən sonra zərərçəkmiş Sərxan Hüseynov və Yusif Əzizov ifadə verib. S.Hüseynov M.Əhmədova 15 min dollar verdiyini deyib: "Həmin pulu bankdan götürmüşdüm. Banka geri qaytara bilmədiyim üçün mən 9 ay həbsdə yatdım, sonra bəraət aldım. Pulumu hələ də ala bilmirəm. Həmin vaxt Maşallah Əhmədov İrana qaçmışdı".

Y.Əzizov bildirib ki, M.Əhmədova 250 min manat verib. Hər iki şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu vurğulayıb.

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.

Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Bu il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Son xəbərlər

Orphus sistemi