Maşallah Əhmədovun cinayət işi yenidən məhkəməyə göndərilib

Maşallah Əhmədovun cinayət işi yenidən məhkəməyə göndərilib İşə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq
Hadisə
3 Oktyabr , 2016 09:46
Maşallah Əhmədovun cinayət işi yenidən məhkəməyə göndərilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un əldə etdiyi məlumata görə, sabiq futbolçunun cinayət işi Bakı Şəhər Prokurorluğunda araşdırılaraq, yenidən məhkəməyə göndərilib.

İşə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.

Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Bu il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Son xəbərlər

Orphus sistemi