​Leyla Yunus və Arif Yunusun apellyasiya şikayəti icraata verilib

​Leyla Yunus və Arif Yunusun apellyasiya şikayəti icraata verilib İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq
Hadisə
25 Fevral , 2016 11:55
​Leyla Yunus və Arif Yunusun apellyasiya şikayəti icraata verilib

Bakı. 25 fevral. REPORT.AZ/ “Sülh və Demokratiya İnstitutu”nun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barələrində verilmiş apellyasiya şikayəti üzrə məhkəmə işi Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun icraatına verilib.

Bu barədə “Report”a Yunusların vəkili Elçin Sadıqov bildirib.

Şikayət üzrə məhkəmənin keçiriləcəyi tarix məlum deyil.

Qeyd edək ki, “Sülh və Demokratiya İnstitutu”nun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus müalicə almaq üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxamağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə iddia ərizəsini təmin etməyib. Qərardan apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus isə 8 il 6 ay, onun həyat yoldaşı, “Sülh və Demokratiya İnstitutu”nun eksperti Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.

Noyabrın 12-də A.Yunus barəsində həbs qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabr ayının 9-da isə L.Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb.

Son xəbərlər

Orphus sistemi