Komitə rəsmisinin 170 min dollara hansı icra başçısının müavini vəzifəsini vəd etdiyi məlum olub

Komitə rəsmisinin 170 min dollara hansı icra başçısının müavini vəzifəsini vəd etdiyi məlum olub Daha 10 nəfər zərərçəkmiş şəxs vəkilə müraciət edib
Hadisə
17 Fevral , 2016 10:21
Komitə rəsmisinin 170 min dollara hansı icra başçısının müavini vəzifəsini vəd etdiyi məlum olub

Daha 10 nəfər zərərçəkmiş şəxs vəkilə müraciət edib

Bakı. 17 fevral. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov və digərlərinin əməlləri ilə bağlı daha 10 nəfər zərərçəkmiş şəxs vəkil Adəm Məmmədova müraciət edib.

Bu barədə “Report”a vəkil Adəm Məmmədov özü məlumat verib.

Vəkil ötən gün dələduzluqla üzləşmiş 10 nəfər vətəndaşın onunla görüşdüyünü bildirib: “Görüş zamanı adının çəkilməyini istəməyən hüquqlarını müdafiə etdiyim şəxsdən başqa daha 10 nəfər zərərçəkmiş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə külli miqdarda pul verdiklərini dedilər. Həmin şəxslərdən bəziləri mənə bildirib ki, işə düzəltmək adı ilə pulları Səfər İmanov Komitə adından alıb. Lakin Dövlət Komitəsinin rəsmiləri verdikləri vədə əməl etməyib. Həmin zərərçəkmiş şəxslərlə müqavilə bağladım”.

Vəkilin sözlərinə görə, zərərçəkmiş şəxslər AQUPDK-nın sədri Hicran Hüseynovanın ünvanına da ittihamlar səsləndirib.

Bundan başqa, A.Məmmədov AQUPDK-nın sabiq Aparat rəhbəri S.İmanovun vətəndaşı hansı rayon icra başçısının müavini vəzifəsinə düzəltmək vədini verdiyini də açıqlayıb: “Səfər İmanov hazırda hüquqlarını müdafiə etdiyim şəxsdən Binəqədi rayon icra başçısının (RİH) müavini vəzifəsinə təyinat vəd etdiyi adı ilə ondan 170 min ABŞ dolları alıb”.

Qeyd edək ki, S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaşlardan birindən 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsindən “Report”un sorğusuna cavab olaraq bildirib ki, iddia edilən faktın araşdırılması üçün bu il fevral ayının 5-də AQUPDK rəsmi şəkildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib.

“Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib”, - Dövlət Komitəsindən bildirilib.

Dövlət Komitəsi vəkilin digər iddialarına münasibət bildirməyib.

S.İmanovun keçən ay ölkədən qaçdığı iddia edilir.

Son xəbərlər

Orphus sistemi