Keçmiş MTN-in tutduğu şəxs barəsində olan məhkəmə qərarı qüvvədə saxlanılıb

Keçmiş MTN-in tutduğu şəxs barəsində olan məhkəmə qərarı qüvvədə saxlanılıb Prokurorun apellyasiya protesti təmin edilməyib
Hadisə
23 Aprel , 2016 16:04
Keçmiş MTN-in tutduğu şəxs barəsində olan məhkəmə qərarı qüvvədə saxlanılıb

Bakı. 23 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində internetlə qanunsuz olaraq bankların hesablarına girərək pul mənimsəməkdə təqsirləndirilən Nasir Aydinoviç İbrahimovin cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməsi ilə bağlı məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxılıb.

“Report”un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Nizami Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Prokurorun apellyasiya protesti təmin edilməyib.

Xatırladaq ki, N.İbrahimov cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə təqsirləndirilən şəxsin ərizəsini təmin edib. Qərardan narazı qalan prokurorluq apellyasiya protesti verib.

Qeyd edək ki, 2014-cü ildə Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompüter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması faktı aşkar edilib. Azərbaycan vətəndaşları Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç, Rusiya Federasiyasının vətəndaşı İfraimov Nair İlişayeviç şübhəli şəxs qismində tutulublar. Ötən ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsində F.Hadıyev 10 il, Y.Ələkbərov və R.Aqarunov 9 il 6 ay, N.İbrahimov 6 il 6 ay, F.Bayramov və N.İfrahimov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Son xəbərlər

Orphus sistemi