​Jurnalist Elçin Həsənovun apellyasiya şikayətinə baxılıb

​Jurnalist Elçin Həsənovun apellyasiya şikayətinə baxılıb Birinci instansiya məhkəməsinin çıxrdığı hökm qüvvədə saxlanılıb
Hadisə
27 İyul , 2016 16:19
​Jurnalist Elçin Həsənovun apellyasiya şikayətinə baxılıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən jurnalist Elçin Həsənovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və onun müdafiəçisinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə “Report”a E.Həsənovun vəkili Fariz Namazlı məlumat verib.

Vəkilin sözlərinə görə, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməyib. F.Namazlı bildirib ki, birinci instansiya məhkəməsinin çıxrdığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, E.Həsənovun barəsində “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham olunub.

Nizami Rayon Məhkəməsinin hökmü ilə E.Həsənov 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti və E.Həsənovun müdafiəçisi Fariz Namazlı isə apellyasiya şikayəti verib. E.Həsənov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladaq ki, E.Həsənov Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” internet-qəzetin redaktor müavini vəzifəsində çalışıb. Bundan başqa, o, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatı sədrinin müavinidir.

Son xəbərlər

Orphus sistemi