İrandan Azərbaycana narkotik gətirən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib

İrandan Azərbaycana narkotik gətirən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib Elməddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
14 Sentyabr , 2015 16:39
İrandan Azərbaycana narkotik gətirən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq və qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən Elməddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı məhkəmə heyətindən təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra hakimlər müşavirə otağına yollanıblar.

Müşavirədən qayıdan məhkəmə heyəti hökmü oxuyub. Məhkəmənin hökmü ilə E.Rzayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, E.Rzayev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, ötən il Dövlət Gömrük Komitəsinin Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmal yolu ilə gətirilmiş narkotik vasitələrin satılacağı barədə əməliyyat məlumatı daxil olandan sonra Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları ilə Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində birgə tədbir həyata keçirilib. Əməliyyat zamanı E.Rzayev şərti alıcıya narkotik vasitəni - həşiş qətranını satarkən saxlanılıb. Baxış zamanı ümumi çəkisi 4 kiloqram 600 qram olan narkotik vasitə aşkar olunaraq protokol əsasında götürülüb. Araşdırılma zamanı E.Rzayev törətdiyi qanunsuz əməlləri etiraf edib, aşkar olunan külli miqdarda narkotik vasitəni İrandan əldə edərək satmaq məqsədilə Azərbaycana qaçaqmal yolu ilə gətirdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi