İcra Hakimiyyətinin şöbə müdiri oğurluqla bağlı ittihamlara münasibət bildirib - YENİLƏNİB

İcra Hakimiyyətinin şöbə müdiri oğurluqla bağlı ittihamlara münasibət bildirib - YENİLƏNİB Məhkəmə işi polis idarəsinə göndərib
Hadisə
1 İyul , 2016 13:30
İcra Hakimiyyətinin şöbə müdiri oğurluqla bağlı ittihamlara münasibət bildirib - YENİLƏNİB

Bakı. 1 iyul. REPORT.AZ/ Cəlilabad rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Elşad Əzizov keçmiş kürəkəni Seymur Abıyevin onun barəsində səsləndirdiyi ittihamlara münasibət bildirib.

E.Əzizov "Report"a deyib ki, keçmiş kürəkəni S.Abıyevin ittihamları yalandır: "O iddia edir ki, guya mən evdən oğurluq etmişəm, yalan deyir, oğurluq etməmişəm. Onun əşyaları nəyimə lazımdır? Evdən qızım yalnız öz sənədlərini götürüb. Sənədlər də qızın şəxsiyyət vəsiqəsi, uşağın yaş kağızı, nikah haqqında şahədatnaməsi idi. O, məni oğurluqda ittiham edir, buna görə cavab verməli olacaq".

E.Əzizov xatırladıb ki, S.Abıyev 2012-ci ildə qızı ilə rəsmi nikaha girib: "Kürəkənim Bakıda işləyirdi, işə də mən düzəltmişdim. O, qızımı incidirdi, döyürdü. Narazılıq yarananda qızım evə gəlirdi, mən yenidən aparırdım. 2013-cü ildə Bakıda ipoteka ilə ev götürdülər. 2014-cü ildə də uşaqları dünyaya gəldi. Evə ilkin ödəniş üçün 10 min manat mən, 10 min manat da Seymur Abıyev vermişdi. Evin aylığını özü ödəyirdi. Seymur istəyirdi ki, qız rayonda, özü isə Bakıda qalsın. Mən də təkid edirdim ki, həyat yoldaşını apar, birlikdə yaşayın, evin var, işləyirsən, 1200 manat da maaş alırsan, daha nə istəyirsən?! Mənzilin bir otağını təmir etdirmişdi, yaşayırdı. Seymur həmin evdə başqa qadın saxlayırdı, bunun şahidi olmuşam. Araşdırdım, qadını da tapdım".

E.Əzizov S.Abıyevi məhkəməyə verəcəyini deyib: "Bir müddət əvvəl Cəlilabadda Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmənin qərarı ilə ona boşanmadığı halda aliment kəsildi. Bunun da maaşı 1200 manatdır, dörddə bir hissəsi 300 manat edir. Bu isə guya 600 manat alırdı deyə, 150 manat pul köçürürdü. Mən Seymuru bu işə görə yenidən məhkəməyə verəcəm. Təbii ki, qızım ondan boşanacaq".

*** 29 iyun, saat 17:45

Bakı. 29 iyun. REPORT.AZ/ Suraxanı Rayon Məhkəməsində zərərçəkmiş Seymur Abıyevin oğurluqda ittiham etdiyi keçmiş qayınatası Elşad Əzizova qarşı şikayəti əsasında məhkəmə nəzarəti qaydasinda verdiyi ərizəyə baxılıb.

"Report"un məlumatına görə, məhkəmə şikayəti təmin edib.

Qərara əsasən, E.Əzizovun əməlində cinayət tərkibi olduğuna görə, iş istintaqı araşdırılması üçün yenidən Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Belə ki, bundan əvvəl zərərçəkmiş S.Abıyev keçmiş qayınatası E.Əzizovun onun evindən oğurluq etməsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə müraciət edib. Lakin idarədə cinayət işi başlanmayıb. Sonra S.Abıyev və onun nümayəndəsi Bəxtiyar Hacıyev həm prokuror nəzarəti qaydasında, həm də məhkəmə nəzarəti qaydasinda məhkəməyə müraciət ediblər.

Zərərçəkmiş S.Abıyev "Report"a bildirib ki, 10 mart 2015-ci il tarixində vətəndaş Elşad Əzizov onun Suraxani rayonu Günəşli qəsəbəsində yerləşən mənzilinə daxil olub: "Həmin mənzildən bir neçə əşyamı oğurlayıb. Həmin şəxsin qanunsuz əməllərinə mövcud qanunvericilik həddində məsuliyyətə cəlb edilməsini tam mümkün hesab edirəm. Elşad Əzizov haqqında zəruri ölçülərin götürülməsini vacibliyi onunla bağlıdır ki, həmin şəxs mənə məxsus 300 manat pulu talayıb. Bundan başqa o, mənim mənzilimə daxil olmaqla həmin ünvana aid evin çıxarışını, sığorta sənədini, texniki pasportunu, mənim hərbi biletimi, xarici pasportumu, doğum şəhadətnaməmi, diplomumu götürüb. Əlavə olaraq , həmin şəxs mənə aid 2 ədəd pencək, 3 ədəd gödəkçə, yun qış köynəyi, şalvar, kəmərlər, 7 cüt ayaqqabı, 1 cüt idman ayaqqabısı, 2 ədəd qızıl üzüyümü və alt paltarlarımı götürüb. Ümumilikdə, Elşad Əzizov 3000 manat dəyərində əmlakı götürərək mənə öz xeyli miqdarda zərər vurub. Həmin şəxs hazırda Cəlillabad rayon icra hakimiyyətində məsul vəzifə tutur".

Məsələ ilə bağlı Cəlilabad rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Elşad Əzizovdan münasibət öyrənmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi