FHN: Neftçilərin axtarış işlərində aktiv fazadan müşahidə-axtarış fazasına keçilib

FHN: Neftçilərin axtarış işlərində aktiv fazadan müşahidə-axtarış fazasına keçilib "Daimi olaraq məlumat mübadiləsi həyata keçirilir"
Hadisə
3 Mart , 2016 16:14
FHN: Neftçilərin axtarış işlərində aktiv fazadan müşahidə-axtarış fazasına keçilib

Bakı. 3 mart. REPORT.AZ/ Ötən il dekabr ayının 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi(FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Bu barədə "Report"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilb ki, hadisə baş verən ilk gündən nazirliyin müvafiq qüvvələri, o cümlədən təyyarə və helikopterləri qəza nəticəsində itkin düşən neftçilərin axtarışı işlərini intensiv şəkildə həyata keçirib.

"Bununla əlaqədar bildiririk ki, hazırda axtarış işlərində qüvvə və vasitələrin geniş və intensiv tətbiq edildiyi aktiv fazadan müşahidə-axtarış fazasına keçilib. Belə ki, baş vermiş qəza və neftçilərin itkin düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən Xəzəryanı ölkələrin müvafiq dövlət qurumlarına, Xəzər dənizində üzən gəmilərə isə Dövlət Dəniz Administrasiyası vasitəsilə məlumat verilib və daimi olaraq məlumat mübadiləsi həyata keçirilir. Bundan başqa, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hazırda sahilboyu, Aviasiya dəstəsinin helikopterləri isə mütəmadi olaraq müşahidə-axtarış işləri aparırlar. İtkin düşmüş neftçilərlə bağlı dənizdə aşkar edilən hər hansı diqqət çəkən predmet aşkar edildikdə dərhal müvafiq tədbirlər görülür".

Göstərilən işlər nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən koordinasiya edilir.

Son xəbərlər

Orphus sistemi