Əli Kərimlinin köməkçisi apellyasiya şikayəti verib

Əli Kərimlinin köməkçisi apellyasiya şikayəti verib Şikayətə yaxın günlərdə baxılacaq
Hadisə
26 Avqust , 2016 10:52
Əli Kərimlinin köməkçisi apellyasiya şikayəti verib

Bakı. 26 avqust. REPORT.AZ/ AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Şikayətə yaxın günlərdə baxılacaq.

Xatırladaq ki, avqustun 22-də Nəsimi Rayon Məhkəməsində F.Əmirli barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda istintaq orqanının verdiyi təqdimat təmin edilib, onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, F.Əmirli avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi,sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs qismində 48 saatlıq saxlanılma qərarı verilib.

Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun avtomobilindən Fətullah terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.

Son xəbərlər

Orphus sistemi