DSX ötən ay Azərbaycanda axtarışda olan 417 nəfəri saxlayıb

DSX ötən ay Azərbaycanda axtarışda olan 417 nəfəri saxlayıb Dövlət sərhədini pozduqları üçün 35 halda 60 nəfər tutulub
Hadisə
10 Avqust , 2015 14:30
DSX ötən ay Azərbaycanda axtarışda olan 417 nəfəri saxlayıb

Bakı. 10 avqust. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən ay ərzində  dövlət sərhədini pozduqları üçün 35 halda 60 nəfər saxlanılıb. 

"Report" xəbər verir ki, bu barədə DSX-nin mətbuat xidməti məlumat yayıb. Qurumdan bildirilib ki, saxlanılan şəxslərdən 28 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Moldova, 7 nəfəri İran, 7 nəfəri Özbəkistan, 6 nəfəri Əfqanıstan, hər ölkədən bir nəfər olmaqla Rusiya, Nigeriya, Gürcüstan, Banqladeş vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən "yaşıl sərhəd"də 4 halda 7 nəfər, Xəzər dənizində 36 halda 60 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. 

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 417 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 24 halda 10 kiloqram 403,1 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

İyulun 22-də Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində saat 23:00 radələrində İrandan Azərbaycana keçmək istəyən 2 nəfər sərhəd pozucusunun qarşısı alınıb. Hadisə yerinə baxış zamanı iki ədəd bağlamada 5 kq kokos, 2,3 kiloqram tiryək, 80 qram qurudulmuş marixuana, 1550 ədəd psixotrop həb aşkar olunaraq götürülüb.

İyulun 25-də Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən axtarış tədbirləri nəticəsində torpağa basdırılan bağlamada 2 kiloqram tiryək aşkar olunaraq götürülüb.

Ay ərzində Lənkəran, Lerik, Zaqatala və Balakən rayonları ərazisində 76,5 hektar sahədə aşkar olunan ümumi çəkisi 10,5 ton olan çətənə kolları toplanaraq yandırılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 64 halda ümumi dəyəri təqribən 398 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd F-1 əl qumbarası, 2 ədəd beşbarmaq, 1 ədəd gecəgörmə cihazı, 192 ədəd mobil telefon, 5278 qutu siqaret, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.

Son xəbərlər

Orphus sistemi