Deputat Fərəc Quliyevin keçmiş müavini 3 il müddətinə azadlıqdan məhrum edilib

Deputat Fərəc Quliyevin keçmiş müavini 3 il müddətinə azadlıqdan məhrum edilib Narkotik vasitələrin qanunsuz satışında və istifadəsində təqsirləndirilən şəxslərə hökm oxunub
Hadisə
11 Sentyabr , 2015 15:10
Deputat Fərəc Quliyevin keçmiş müavini 3 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz satışında və istifadəsində təqsirləndirilən Azərbaycan vətəndaşları Əlirza Amanbəyli, Bəhram Əliyev və Türkiyə vətəndaşı Adil Yavuz Ferin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər. F.Adil özünü qismən təqsirli bilib: “Bu ittihamlarla razı deyiləm. Üzərimdə külli miqdarda narkotik olmayıb. Özüm istifadə etmək üçün almışdım. Satmaq niyyətim yox idi. Günahkaram”.

Daha sonra hakimlər müşavirə otağına yollanıblar.

Müşavirədən qayıdan məhkəmə heyəti hökmü oxuyub. Məhkəmənin hökmü ilə Fer Adil Yavuz 5 il, Əlirza Amanbəyli 3 il, Bəhram Əliyev isə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Türkiyə vətəndaşı Adil Yavuz Ziya oğlu Ferin Sumqayıt şəhərində yaşadığı mənzildən 1 kiloqram 19 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Qeyd edək ki, həbs edilənlərdən Əlirza Amanbəyli 2006-ci ildən 2011-ci ilin sentyabr ayına qədər Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətinin və www.dak.az saytının rəhbəri olub, 2011-ci ilin oktyabr ayında Milli Dirçəliş Hərəkatı Partiyasının (sədri deputat Fərəc Quliyevdir) sədr müavini və Güney Azərbaycan departamentinin sədri təyin edilib.

Əlirza Amanbəylinin Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Avropa mətbuatında Güney Azərbaycan türklərinin milli hüquq və azadlıqları mövzularında müsahibə və məqalələri çap olunub.

Son xəbərlər

Orphus sistemi