Dələduzluqda təqsirləndirilən tikinti şirkəti rəhbərinin cəzası yüngülləşdirilib

Dələduzluqda təqsirləndirilən tikinti şirkəti rəhbərinin cəzası yüngülləşdirilib Onun cəzası 4 ilə endirilib
Hadisə
17 Fevral , 2016 16:11
Dələduzluqda təqsirləndirilən tikinti şirkəti rəhbərinin cəzası yüngülləşdirilib

Bakı. 17 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev və “Badi-Kubə” MTK-nın təsisçisi Zaur Cabbarovun barələrində verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şikayətləri üzrə qərar elan edilib.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, Z.Cabbarovun apellyasiya şikayəti qismən təmin edilib və onun cəzası 4 ilə endirilib. N.Əliyevin isə apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2013-cü ilin fevral ayında Baş Prokurorluğun yaydığı məlumata görə, Əliyev Nəsib Yusif oğlu “Şahbulaq” MTK-nın sədri kimi 2006-2010-cu illərdə “Badu-Kübə” MTK-nın təsisçisi olan kürəkəni Cabbarov Zaur Zeynal oğlu və Elton Əliyev əlbir olublar. Onlar cinayət əlaqəsinə girərək Bakı şəhərində çoxmərtəbəli yaşayış binaları inşa edən “Badu-Kübə” və “Şahbulaq” MTK-larının adından saxta alqı-satqı müqavilələri və maliyyə arayışları əsasında ümumilikdə 12 min 621 kvadratmetr sahəsi olan 159 mənzili və 1 qeyri-yaşayış sahəsini 119 nəfərə satıblar. Bundan sonra müvafiq maliyyə-mühasibat uçotu sənədləri tərtib etmədən əldə olunmuş 4 milyon 635 min 738 manat pulun 2 milyon 22 min 359 manatını “Badu-Kübə” MTK-nın inşa etdiyi binanın tikintisinə sərf edib, qalan 2 milyon 613 min 379 manat məbləğində özgənin külli miqdarda əmlakını isə aldatma yolu ilə ələ keçirərək dələduzluq edib.

N.Əliyevə Cinayət Məcəlləsinin (CM) 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Z.Cabbarova isə CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

İstintaq gedişində 36 zərərçəkmişlə tikintini davam etdirən “Badu-Kübə” MTK arasında yeni müqavilələr bağlanılmaqla binadan ümumi dəyəri 1 milyon 86 min 233 manat dəyərində mənzillərlə təmin edilməklə vətəndaşların pozulmuş mənzil hüquqları bərpa edilib.

Cinayət işi üzrə N.Əliyev barəsində CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərar qəbul edilib, lakin o, istintaqdan yayındığına görə ittihamın elan edilməsi mümkün olmayıb və barəsində axtarış elan edilib. N.Əliyev 2015-ci ilin sentyabr ayında Rusiya Federasiyasında həbs edilib.

2014-cü il fevral ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əliyev 13 il, Z.Cabbarov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsində Z.Cabbarovun apellyasiya şikayəti qismən təmin edilib və onun cəzası 7 il 6 aya endirilib. N.Əliyevin isə apellyasiya şikayəti təmin edilməyib. Qərardan narazı qalan məhkumlar yenidən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi