Cahangir Hacıyev: "Tələbə yoldaşıma 60 milyon manat kredit vermişəm" - YENİLƏNİB

Cahangir Hacıyev: "Tələbə yoldaşıma 60 milyon manat kredit vermişəm" - YENİLƏNİB Mühafizə şirkətinin əməkdaşları: "Rəhbərliyin göstərişi ilə banka gedib sənədlərə qol çəkdik"
Hadisə
29 Avqust , 2016 17:23
Cahangir Hacıyev: Tələbə yoldaşıma 60 milyon manat kredit vermişəm - YENİLƏNİB

*** 14:31

Bakı. 29 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Cavadov prokurorun suallarını cavablandırıb.

O, C.Hacıyevlə tələbə yoldaşı olduğunu bildirib: "Cahangir müəllimin dəvəti ilə Fındıq Emalı Zavodunda əvvəl direktor müavini, 2002-ci ildə isə direktor kimi çalışmışam. Beynəlxalq Bankdan 5 milyon manat kredit götürülüb, girov olaraq müəssisə qoyulub. Bankdan götürülən kredit isə məndən əvvəl olub. Bununla bağlı məhkəməyə sənəd təqdim edə bilərəm".

A.Cavadov qeyd edib ki, daha əvvəl onun barəsində cinayət işi açılıb: "Həmin cinayət işi zavodda Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamalara görə olub".

Prokuror A.Cavadova onun qayınının adına 816 min manat kredit olması barədə sual verib. A.Cavadov isə cavabında qeyd edib ki, həmin kredit vəkil Akif Məlikovun adına olub: "Daha sonra həmin krediti qayınanamın adına keçirdik".

A.Cavadov ittiham aktında onun barəsində qeyd edilən soyuq silahla bağlı suallara da cavab verib. O vurğulayıb ki, soyuq silah olan xəncər 10 il onun evində olub: "Həmin xəncəri mənə qaynım hədiyyə edib. Evimdə ikinci dəfə axtarış olanda həmin xəncəri götürdülər və ekspertin rəyinə əsasən, soyuq silah kimi ittiham aktında göstərildi".

Daha sonra A.Cavadov bildirib ki, Bakı Fındıq Emalı Zavoduna götürülən 60 milyon kredit müəssisənin genişləndirilməsinə xərlcənib: "Beynəlxalq Bank da pulların xərclənməsinə nəzarət edib. İttiham aktında göstərilib ki, həmin pullardan 6 milyon mənimsənilib. Burada heç bir mənimsəmədən söz belə gedə bilməz. Müəssisə sonradan "Aqrarkredit" QSC-nin nəzarətinə keçib".

C.Hacıyev A.Cavadovun dediklərini təsdiqləyib: "Azad mənim tələbə yoldaşım olub. Ona güvənirdim. Azadın fəaliyyəti dövründə müəssisənin banka olan kredit borclarının çox hissəsi ödənilib".

Bundan başqa, məhkəmə prosesində 14 şahid ifadə verib. Onlar "İnter Security" mühafizə şirkətinin işçiləri olduqlarını söyləyiblər. Həmin şəxslər bankdan götürülən kreditlərdən xəbərsiz olduğunu bildiriblər. Həmin şəxslər qeyd ediblər ki, rəhbərliyin göstərişi ilə banka gediblər, sənədlərə qol çəkiblər.

Günün ikinci yarısında keçirilən prosesdə "İnter Security" mühafizə şirkətinin 10 əməkdaşı şahid qismində ifadə verib.

Həmin şəxslər təqsirləndirilənlərdən yalnız İ.Hüseynovu tanıdıqlarını deyiblər. İfadə verən Zaur Soltanəliyev bildirib ki, mühafizə şirkətinin rəhbərliyi tərəfindən Beynəlxalq Banka çağırılıb, bankın Nərimanov filialına gedərək orada bilmədiyi kağızlara qol çəkib: "Sənədlərə nə üçün qol çəkmək lazım olduğunu bilmirdim".

Zaur Xəlilov rəhbərlik tərəfindən bankın Nəqliyyat filialına dəvət edildiyini və sənədlərə imza atdığını söyləyib: "Mən də adıma kredit götürüldüyündən xəbərsiz olmuşam".

Şahid Rasim Fətullayev ifadəsində göstərib ki, 2008-ci ildə bankın Nərimanov fialında qol çəkib: "Bunu "İnter Security" mühafizə şirkətinin rəhbərliyinin tapşırığı ilə etmişəm. Sonradan adıma 505 min dollar kredit götürüldüyünü öyrəndim. Həmin kredit də banka geri ödənilib".

Bundan sonra ifadə verən mühafizə şirkətinin növbə rəisi Telman Qurbanov vurğulayıb ki, adına 306 min dollar kredit götürülüb: "Bu kredit şirkət rəhbərliyinin tapşırığı ilə götürülüb. 2013-cü ildə isə kredit banka geri ödənilib".

Şahid Rauf Şahbazovun sözlərinə görə, A.Cavadovun işi ilə bağlı 10 nəfərin adına Beynəlxalq Bankda kredit götürülüb: "Bunlar mühafizə şirkətinin əməkdaşının adına qeyd edilib. Həmin kreditlər Bakı Fındıq Emalı Zavadu üçün nəzərdə tutulub".

Dövlət ittihamçısı R.Şahbazova "hazırda adına bankda 107 min 800 manat pul olduğunu bildirdinmi" sualını verib. R.Şahbazov isə həmin məbləğdən xəbərsiz olduğunu deyib.

Daha sonra Beynəlxalq Bankın nümayəndəsi Ağalar Ağaşirinov məhkəməyə arayış təqdim edib. O, ittiham aktında mənimsənildiyi göstərilən 211 milyon manatın sadəcə C.Hacıyev tərəfindən deyil, digər təqsirləndirilən şəxslərin müştərək mənimsənildiyini deyib. A.Ağaşirinov arayışda qeyd edib ki, 211 milyonun manatın 94 milyonu təqsirləndirilən A.Sultanovdan, 45 milyon 813 mini İ.Abdullayevdən, 16 milyonu K.Orucovdan, 6 milyonu M.Cahangirovdan, 7 milyon 612 mini A.Cavadovdan, 37 milyon 469 mini Y.Ələkbərovdan, 39 milyon isə İ.Hüseynovdan və digər məbləğ C.Hacıyevdən tələb edilir.

Həmin arayış cinayət işinin matreallarına əlavə edilib. Hakim deyib ki, bu arayışla bağlı yaranmış suallara növbəti prosesdə baxılacaq.

C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, cinayət işi ilə bağlı qaranlıq qalan əsas məqam iki zərərçəkmiş tərəfinin tanınmasıdır: "Prezidentin fərmanı ilə Beynəlxalq Bankın səlahiyyətləri, problemli kreditlərin bağlı məsələnin həlli "Aqrarkredit" QSC-yə verilib. Belə olan halda Beynəlxalq Bankın zərərçəkmiş kimi tanınması ziddiyətlidir. Biz məhkəmədən də xahiş edirik ki, Maliyyə Nazirliyi, Beynəlxalq Bank və "Aqrarkredit" QSC tərəfindən imzalanmış çoxtərəfli müqavilənin surəti və problemli kreditlərlə bağlı sənədlərin surəti bizə və məhkəməyə təqdim edilsin. Bu zaman yaranan suallara aydınlıq gətirilsin".

Məhkəmənin növbəti prosesi avqusutun 31-nə təyin edilib.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamindədir.

Son xəbərlər

Orphus sistemi