Məhkəmə Binəqədidə yanan binaya görə tutulan şəxslərin vəkillərinin vəsatətini təmin edib

Məhkəmə Binəqədidə yanan binaya görə tutulan şəxslərin vəkillərinin vəsatətini təmin edib Hadisəyə görə həbs olunan şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər
Hadisə
11 İyul , 2016 14:43
Məhkəmə Binəqədidə yanan binaya görə tutulan şəxslərin vəkillərinin vəsatətini təmin edib

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən Miryusif Mahmudov, Ələkbərov Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkillləri vəsatətlə çıxış edib.

Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs səhətində yaranan problemlə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssəsində müalicə alıb: "Lakin Qəzənfər Novruzovu Penitensiar Xidmətin rəhbərliyi təcridxanaya göndərib. Məhkəmədən xahiş edirəm ki, hüquqlarını müdafiə etdiyim şəxsin müalicə olunmaq üçün yenidən Müalicə Müəssəsinə göndərməsi haqda qərar qəbul etsin".

Miryusif Mahmudovun vəkili İlhamə Həsənova işə baxılarkən məhkəmə zalında texniki vasitələrlə təmin edilməsini istəyib.

Uğur Bəşirovun vəkili Cavid Rzazadə məhkəməyə sübut qismində binanın yanğından əvvəl şəkillərini təqdim edib. C.Rzazadə bildirib ki, həmin bina üzlənib başa çatandan üç ay sonra hüquqlarını müdafiə etdiyi U.Bəşirov işlədiyi şirkətə direktor təyin edilib. Bundan başqa, vəkil həmin şəkillərlə bağlı ekspertizanın təyin edilməsini istəyib.

Zərərçəkmiş Səbinə Manafova isə mülki iddia ərizəsi verib. O, yanğından sonra dəymiş ziyanın qiymətləndirilməsi məsələsinin düzgün aparılmadığını deyib. Bunun üçün ekspertizanın təyin edilməsini xahiş edib.

Məhkəmə Q.Novruzov və M.Mahmudovun vəkillərinin vəsatətlərini təmin edib.

Hakim vəkil C.Rzazədənin məhkəməyə təqdim etdiyi şəkillərin cinayət işinə əlavə olunacağınıı bildirib, lakin digər vəsatət baxılmamış saxlanılıb. Zərərçəkmişin mülki iddia ərizəsi də baxılmamış saxlanılıb.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilədiyini deyib.

Məhkəmənin növbəti iclası iyulun 12-nə təyin edilib.

Xatırladaq ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuzoğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfəroğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddinoğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qaraoğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəlioğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi