Binəqədidə yanan binaya görə tutulan şəxs məhkəmədə özünü təqsirli bilmədiyini söyləyib - YENİLƏNİB

Binəqədidə yanan binaya görə tutulan şəxs məhkəmədə özünü təqsirli bilmədiyini söyləyib - YENİLƏNİB Proses günün ikinci yarısında davam etdiriləcək
Hadisə
6 Oktyabr , 2016 13:23
Binəqədidə yanan binaya görə tutulan şəxs məhkəmədə özünü təqsirli bilmədiyini söyləyib - YENİLƏNİB

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ə.Əsgərov və U.Bəşirov növbəti məhkəmə iclasında ifadə vermək istədiklərini deyiblər.

Ə.Rəcəbov ifadəsində özünü təqsirli bilmədiyini vurğulayıb: "Binəqədi rayonunda binaların üzlənməsi 2013-cü ilin aprel ayında başlayıb. Bu barədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının məktubu da var. Mən işə başlayanda artıq bir ay idi həmin binada iş gedirdi. Əvvələr Mənzil Kommunal Təsərrüfat Birliyində çalışmışam, 2013-cü ildən isə Bakı Şəhər İcra Hakimiyyəti departamentinin təsərrüfat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişəm. Təsərrüfat şöbəsi Bakı Şəhər İcra Hakimiyyəti departamentinin tabeçiliyində idi. İşə başlayanda mənə Binəqədi rayonunun təmizliyi ilə bağlı tapşırıq verilib. Bizə maaş da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilirdi. Binaların fasadlarının təmiri və üzlənməsi ilə bağlı göstəriş isə verilməyib".

Onun sözlərinə görə, Binəqədidə binaların üzlənməsi ilə bağlı heç bir sənədə qol çəkməyib: "Heç kəs də mənə şifahi tapşırıq verməyib. Burada təqsirləndirilən şəxslərdən yalnız Miryusif müəllimlə 2014-cü ildə telefon danışığımız olub. Digər şəxsləri isə həbs olunandan sonra tanımışam. Görülən işlərin qəbulunda mən iştirak etməmişəm. Yenə deyirəm, Binəqədi rayonunda binaların üzlənməsi ilə bağlı heç kəs mənə nə tapşırıq, nə də şifahi göstəriş verməyib. Heç bir sənədə də qol çəkməmişəm. Əgər varsa, həmin sənədi cinayət işində göstərin".

Ə.Rəcəbov vəkillərin suallarını cavablandırarkən Binəqədi rayonu ərazisində yanğın baş verəndən sonra hadisə yerinə gəldiyini vurğulayıb.

Daha sonra N.Orucov dindirilib. Orucova ona verilən tapşırıqları yerinə yetirdiyini bildirib: "Digər təqsirləndirilən şəxsləri biz həbs ediləndən sonra tanımışam. Binanın üzlənməsində istifadə olunan materalların keyfiyyətli olub-olmaması barədə məlumatım yox idi".

Proses oktyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi