“Beynəlxalq Bank işi”nin şahidi: “Kürəkənim dedi, qol çəkdim, amma pulu mən almadım”

“Beynəlxalq Bank işi”nin şahidi: “Kürəkənim dedi, qol çəkdim, amma pulu mən almadım” Hakim bəzi şahidlərin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarıb
Hadisə
9 Sentyabr , 2016 12:26
“Beynəlxalq Bank işi”nin şahidi: “Kürəkənim dedi, qol çəkdim, amma pulu mən almadım”

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Fəxrəddin Mehdiyev vəsatət qaldırıb.

O, C.Hacıyevin məhkəmə protokolu ilə tanış olmaq istədiyini deyib. Hakim isə vurğulayıb ki, təqsirləndirilən şəxs məhkəmə protokolları ilə məhkəmə prosesi başa çatandan sonra 3 gün ərzində tanış ola bilər.

Daha sonra şahid Emma Həsənova ifadə verib. O, keçmiş kürəkəni, təqsirləndirilən Azad Cavadovun xahişi ilə kreditə qol çəkdiyini deyib: "Lakin mən heç pul da almadım".

A.Cavadovun keçmiş qayını Ələkbər Həsənov da dindirilib. Şahid vurğulayıb ki, ittiham aktında qeyd edilən xəncəri mağazadan alıb: "Həmin xəncəri Azadın ad günündə ona bağışlamışam".

Hakim digər şahidlərin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarıb.

Proses sentyabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin şəxslər 211 milyonun manat pulu mənimsəməkdə təqsirli bilinirlər.

Xatırladaq ki, C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamindədir. 

Son xəbərlər

Orphus sistemi