Bələdiyyələrlə bağlı cinayət xarakterli 43 faktın materialları prokurorluğa göndərilib

Bələdiyyələrlə bağlı cinayət xarakterli 43 faktın materialları prokurorluğa göndərilib Ədliyyə nazirinin sədrliyi ilə ötən ilin yekunlarına həsr olunan geniş kollegiya iclası keçirilib
Hadisə
9 Fevral , 2015 18:00
Bələdiyyələrlə bağlı cinayət xarakterli 43 faktın materialları prokurorluğa göndərilib

Bakı. 9 fevral. REPORT. AZ/ Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin ötən ilin yekunlarına həsr olunan geniş kollegiya iclası keçirilib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

İclasda bildirilib ki, ötən il nazirlik tərəfindən 720 qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 2.650 belə akt hüquqi ekspertizadan keçirilib, 2.170 sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Reyestrin elektron variantının (huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasının (e-qanun.az) ictimaiyyət üçün açıqlığı təmin edilib, qanunvericilik bazalarına vətəndaşlar tərəfindən 180 minə yaxın başçəkmə olub.

Həmçinin, keçən il 365 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, notariat hərəkətinin sayı isə 3.8 milyonu ötüb. Ölkədə xüsusi notariat institutunun geniş tətbiqinin bu işə əlavə töhfə verdiyi nəzərə alınaraq onların sayı 111-ə çatdırılıb ki, bu da notariat korpusunun 2/3-ni təşkil edir.

Vətəndaş cəmiyyətinin inkişafı dövlətimizin diqqət mərkəzində saxlanılaraq qeyri-kommersiya təşkilatlarının sayı 4.000-i ötüb, KİV-lərin sayı isə 5.000-ə çatmaq üzrədir.

Son illər məhkəmə qərarlarının icrası ilə bağlı daxil olan işlərin sayının artım tendensiyası ötən ildə də davam edib, icra işlərinin sayı 36 faiz artaraq 300 minə yaxın olub, onun da 70%-nin icrası təmin edilib, qalanlarının isə icrası üzrə tədbirlər davam etdirilir.

Bu sahədə xüsusi rolu olan nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 503 cinayət işinin istintaqı tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın 44 faizi istintaqın gedişində ödətdirilib.

Ötən il inzibati nəzarət qaydasında 66.700 bələdiyyə aktına baxılıb, 2 250 akt nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol verən bələdiyyə sədrləri intizam məsuliyyətinə cəlb olunub, cinayət xarakterli 43 faktla bağlı materiallar prokurorluğa göndərilib. İnzibati nəzarətlə bağlı tərtib olunan, fotomateriallarla və diaqramlarla müşayiət olunan illik Məruzə Milli Məclisə göndərilib.

Kollegiyada dövlət başçısının elektron məhkəmə sisteminin tətbiqi ilə bağlı tapşırıqlarının icrasına toxunulub, bu mürəkkəb və çoxmərhələli prosesin həyata keçirilməsi məqsədi ilə 2014-2018-ci illəri əhatə edən Tədbirlər Planının müəyyən olunaraq icrasına başlanıldığı, artıq 15 məhkəmədə elektron məhkəmə sisteminin müxtəlif komponentlərinin sınaq rejimində tətbiq edildiyi, hakim və məhkəmə aparatı işçilərinin müvafiq təlimlərə cəlb olunduğu vurğulanıb.

Kollegiyada həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Son xəbərlər

Orphus sistemi