Bakı. 29 yanvar. REPORT.AZ/ Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) “BakuBus” MMC-nin 14 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunu daşa basaraq şüşələrini sındıran şəxslərlərlə bağlı məlumat yayıb.
İdarənin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində - Azadlıq prospektində "Baku Bus" MMC-yə məxsus "İveco" markalı avtobusun şüşəsi sındırılıb.
Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilib və vurulan ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub. Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb.
*** 11:38
“BakuBus” MMC-nin 14 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunu daşa basaraq şüşələrini sındıran şəxslər tutulub.
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtobusun şüşəsini sındıran 2000-ci il təvəllüdlü Abdulla Novruzov və həmyaşıdı Mircavad Məmmədov saxlanılıb.
Qeyd edək ki, hadisə yanvarın 28-də Nəsimi rayon ərazisində- Azadlıq prospektində baş verib. “BakuBus” MMC-nin 14 saylı marşrut avtobus xəttində fəaliyyət göstərən 99 HJ 103 dövlət qeydiyyat nişanlı avtobusunu naməlum şəxslər daşla basıb. Nəticədə avtobusun şüşəsi sınıb.