Bakının xidmətdə fərqlənən yol polislərinin adları açıqlanıb - SİYAHI

Bakının xidmətdə fərqlənən yol polislərinin adları açıqlanıb - SİYAHI "Polis-vətəndaş münasibətlərini tənzimləmək üçün maarifləndirmə işləri aparmaq lazımdır"
Hadisə
23 Yanvar , 2015 13:43
Bakının xidmətdə fərqlənən yol polislərinin adları açıqlanıb - SİYAHI

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi, "Digesta" Hüquq Firması 2014-cü ildə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyətə həsr edilən konfrans keçirib.

“Report”un məlumatına görə, tədbirdə Bakı Şəhər Yol Polisi İdarəsinin əməkdaşları ilə yanaşı, deputatlar və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Ekspert Ərşad Hüseynov deyib ki, yol hərəkəti ən aktual məsələlərdən biridir: “Yol hərəkəti təhlükəsizliyi sadə iş deyil. Bu, cəmiyyətdə hər bir insandan asılıdır. Bununla bağlı məsələlərə münasibətlər dəyişməlidir. Hazırda yol hərəkəti strategiyası hazırlanır, başa çatdıqdan sonra müəyyən işlər qaydasına düşəcək”.

Deputat Rafael Cəbrayılov deyib ki, Azərbaycanda polis-vətəndaş münasibəti ilə bağlı vəziyyət normaldır: “Azərbaycanda polis tərəfindən vətəndaşın öldürülməsi faktı yoxdur. Bizə demokratiya dərsi keçmək istəyənlər buna diqqət etməlidir. Düzdür, Azərbaycanda bəzi çatışmazlıqlar var, bunu da aradan qaldırmaq lazımdır. Azərbaycanda polisin fəaliyyəti ideal olmasa da, digər dövlət qurumlarının fəaliyyətinə nisbətən daha düzgün və şəffafdır”.

Deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda kifayət qədər təcrübəli polislər var, amma işinin öhdəsindən gələ bilməyən polislərin olduğu da qeyd edilməlidir: “Polis-vətəndaş münasibətlərini tənzimləmək üçün maarifləndirmə işləri aparmaq lazımdır. Bu olmazsa, polis üçün də çətin olacaq”.

Deputat Çingiz Qənizadə isə çıxışında deyib ki, Azərbaycan polisinin müsbət və mənfi cəhətləri var: “Polislər çox işləyirlər, ona görə də onlar yüksək əmək haqqı almalıdır. Biz ailə üzvlərimizlə istirahət məkanlarında gəzə biliriksə, buna görə polislərə təşəkkür etmək lazımdır. Amma polis fəaliyyətinə kölgə salmaq istəyənlər var. İş varsa, nöqsanlar da olmalıdır. Bugünkü Azərbaycan polisi daha sivildir”.

Ç.Qənizadə vətəndaşlar tərəfindən polislərə qarşı aqressiv hallara yol verilməsinə də toxunub: “Polis Leyla Yunusun evində axtarış aparan zaman Yunus polis əməkdaşının papağını yerə atdı. Amma polis buna çox dözümlü yanaşdı. Belə hallar yolverilməzdir. Polisi təhqir etmək olmaz. Mən bu məsələ ilə bağlı nazirə məktub yazdım, həmin polisin mükafatlandırılmasını xahiş etdim. İndi onun rütbəsi bir pillə qaldırılıb”.

Deputat marşrut avtobuslarının dövlətə tabe olmasının vacibliyini də qeyd edib: “Avtobusların idarəçiliyi və tənzimlənməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılarsa, bu, daha yaxşı olar”.

Digər deputatlar da çıxışlarında polis-vətəndaş münasibətləri ilə bağlı fikirlərini bildiriblər.

Sonda Bakı Şəhər Yol Polisi İdarəsinin 2014-cü il ərzində xidmətdə fərqlənmiş 14 əməkdaşı xüsusi diplom və hədiyyələrlə mükafatlandırılıb. Həmin şəxslər bunlardır:

polis baş leytenantı Mərdan Əliyev 

mayor İlqar İbrahimov

kapitan Namiq Mustafayev

baş çavuş Rauf Bağıyev

baş çavuş Ruslan Həsənov

baş leytenant Bəbir Rzayev

leytenant Murad Vəliyev

kapitan Mövlayev Natiq

baş çavuş Kəmaləddin Qədimov

baş çavuş İlkin Quliyev

çavuş Ramin Mustafayev

leytenant Süleyman Süleymanov

çavuş Rafiq İsgəndərov

baş çavuş Davud Şərəfxanov.

Həmçinin 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin müəllimi Fəridə Süleymanova yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işindəki xüsusi fəallığa görə diplom mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi