Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramil Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Mirzəyevin barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, R.Mirzəyev 2010-cu ildə telefon vasitəsilə tanış olduğu Vəfa Xankişiyevaya subay olduğunu deyərək onunla ailə quracağını vəd edib. Daha sonra o, qadına fərdi ev tikdirmək adı ilə onun 18 min manat pulunu alaraq qaytarmayıb.
Bundan başqa, R.Mirzəyev daha üç şəxsdən də pul alaraq onları işə düzəldəcəyini vəd edib.
R.Mirzəyev 2014-cü ildə telefon vasitəsilə tanış olaraq yaxın münasibət yaratdığı Natavan Xudayarova ilə qeyri-rəsmi yaşayıb. O, həmin qadının 5500 manat dəyərində olan qızıllarını dələduzluq yolu ilə ələ keçirib.