Bakıda uşaqlar yol polisini əvəz edib

Bakıda uşaqlar yol polisini əvəz edib “Uşaqları yol qəzalarından qoruyaq!" devizi altında aksiya keçirilib”
Hadisə
1 İyun , 2016 16:44
Bakıda uşaqlar yol polisini əvəz edib

Bakı. 1 iyun. REPORT.AZ/ 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi "Uşaqları yol qəzalarından qoruyaq!" devizi altında aksiya keçirib.

Bu barədə "Report"a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, yol polisi, 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin və media nümayəndələrinin, ASAN xidmət mərkəzi əməkdaşlarının iştirakı ilə keçirilən layihənin əsas məqsədi yol-nəqliyyat hadisələri ilə bağlı maarifləndirmə işini gücləndirmək, yollarda hərəkət iştirakçılarının intimzamını yüksəltmək olub.

Aksiyada polis forması geyinən uşaqlar, “yol polisinin gənc köməkçiləri”, “ASAN Xidmət” Könüllüləri əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq, “Təhlükəsizilik kəmərindən istifadə et!”, “Dayanma-durma qaydalarına əməl et!”, “Piyada, keçiddən istifadə et!”, “Yollarda başqalarının hüquqlarına hörmətlə yanaş” çağırışı ilə hərəkət iştirakçılarını yollarda intizamlı olmağa dəvət ediblər. Uşaqlar yolu təyin olunmayan yerdən keçən piyadaları da saxlayaraq, onlara yol polisi əməkdaşlarının tövsiyyəsi ilə məsləhətlər veriblər.

Paytaxtın ondan artıq küçə və prospektində baş tutan aksiyada hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, müasir şəraitdə yol hərəkətinin təhlükəsizliyi, insanların həyat və sağlamlığının qorunmasında hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərindən dərk etməlidir. Aksiyada yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi, eləcə də uşaq yol-nəqliyyat zədələnmələrinin qarşısının alınması, piyadaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sürücülərə tövsiyyələr verilib.

Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və müəllim-valideyn komitələrinin üzvləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən aksiyanın əhəmiyyəti barədə sürücü və piyadalarla maarifləndirici söhbətlər aparıblar.

Aksiyada saxlanılan avtomobillərdə olan uşaqlara məktəbli hədiyyələri, sürücülərə büklet-informasiya bülletenləri təqdim olunub.  

Son xəbərlər

Orphus sistemi