Bakıda təhsil şöbəsi müdirinin oğlunu öldürən şəxsin cəzası azaldılıb

Bakıda təhsil şöbəsi müdirinin oğlunu öldürən şəxsin cəzası azaldılıb Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub
Hadisə
2 Sentyabr , 2016 13:01
Bakıda təhsil şöbəsi müdirinin oğlunu öldürən şəxsin cəzası azaldılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində 23 yaşlı əmisi oğlunu qətlə yetirən Elşən Nəzir oğlu Nəsirovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, E.Nəsirovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, E.Nəsirovun 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası 10 il 6 aya endirilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin noyabr ayında Nizami rayonu, Qara Qarayev 55 ünvanında baş verib. Lerik rayon sakini, 23 yaşlı Nəsirov Elşən Nəzir oğlu əmisi oğlu Elnur Balaşirin oğlu Nəsirovun başını kəsərək qətlə yetirib. Hadisədən sonra E.Nəsirov Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü təslim olub.

Araşdırma zamanı məlum olub ki, E.Nəsirov hadisəni namus üstündə törədib. Belə ki, Elnur Nəsirovun öz əmisi qızı ilə ailə həyatı quracağı gözlənilsə də, o, təhsil aldığı universitetdə birlikdə oxuduğu bir qızla evlənib. Onun bu hərəkəti əmisi oğlu Elşən Nəsirov tərəfindən etirazla qarşılanıb. Nəticədə Elşən Nəsirov əmisi oğlunu öldürərək qisas alıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Nəsirov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Xatırladaq ki, öldürülən gənc Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur. Balaşirin Nəsirovun qardaşı, yəni qətl törətməkdə şübhəli bilinən şəxsin atası Nəzir Nəsirov Bakıda bizneslə məşğul olur.

Son xəbərlər

Orphus sistemi