Bakıda tanınmış holdinqdən 60 min dollar oğurlayan şəxs tutulub

Bakıda tanınmış holdinqdən 60 min dollar oğurlayan şəxs tutulub Digər şəxsin tutulması istiqamətində araşdırmalar davam etdirilir
Hadisə
17 Sentyabr , 2015 11:33
Bakıda tanınmış holdinqdən 60 min dollar oğurlayan şəxs tutulub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakıda tanınmış şirkətdən böyük məbləğdə pul oğurlayan şəxslərdən biri tutulub. “Report”un xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Xətai Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Qaraçay” təmir-tikinti şirkətindən içərisində 60 min ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparmış qrupun digər üzvü - Bakı şəhər sakini Aqşin Mustafayev tutulub, digər şəxs isə müəyyən edilib. Onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, tikinti şirkəti “Qaraçay Holdinq”in tərkibinə daxildir. Holdinqin fəaliyyət dairəsinə kənd təsərrüfatı, inşaat və kənd təsərrüfatı texnikasının satışı, atçılıq idmanı və digər sahələr daxildir.

10-a yaxın şirkətdən ibarət “Qaraçay Holdinq” Azərbaycanın 18 nazirliyi və bir çox hökumət orqanları ilə əməkdaşlıq edir.

Holdinqin tərkibinə “Garachay Construction” (tikinti, layihələndirmə, dizayn və s.), “Original motors” (inşaat və kənd təsərrüfatı texnikasının satışı), “Turyancay Fermer” (postsovet məkanda ən iri fermalardan biri kimi tanınan maldarlıq ferması - burada 3000-dən çox mal-qara mövcuddur, burada həmçinin 10 hektar sahə meyvə, giləmeyvə, tərəvəz və s. bitkilərin yetişdirilməsi üçün istixananın yaradılması, süd istehsalı nəzərdə tutulub), “Beyaz” (özəl sifarışlərin icra olunması ilə məşğul olan tikinti şirkəti), “Arzu” atçılıq klubu (müxtəlif cinsli, sayı 50-yə yaxın atın bəsləndiyi atçılıq klubu), “Garachay Asfalt” (öz yolbasanları və asfaltadüzənləri olan asfalt zavodu), “Garachay beton” (beton pompaları, özüboşaldanları və s. olan müxtəlif markalarda betonun istehsalı üçün 4 beton zavodu) daxildir.

Holdinqə daxil olan “Garachay Construction” Azərbaycan ərazisində ən iri inşaat şirkətlərindən biridir. Şirkət fəaliyyətə 2000-ci ildən başlayıb. 2000-ci ilin əvvəlindən indiyə qədər şirkət mürəkkəbliyi müxtəlif olan 500-dən çox layihəni yerinə yetirib. Şirkət tək Azərbaycanda deyil, həmçinin Qazaxıstan, Türkiyə, Mərakeş və digər ölkələrdə fəaliyyət göstərir.

Şirkət “Sərhədçi” İdman Olimpiya Kompleksi, ədliyyə və muzey binalarını, Gəncə və Bərdədə Müalicə və Diaqnostika Mərkəzlərini inşa edib, hazırda isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Miqrasiya Xidmətinin, Sərhəd Xidmətinin yeni hospitalını və s. inzibatı binaları tikir.

Son xəbərlər

Orphus sistemi