Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta dollar satmaqda təqsirləndirilən Emin Abışov, Əli Rüstəmov və Vüqar Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ə.Rüstəmovun vəkili Fərid Həsənov vəsatətlə çıxış edib.
O, saxta dollar kəsən aparatla bağlı texniki ekpertizanın keçirilməsini tələb edib. Məhkəmə vəsatəti təmin edib. Növbəti məhkəmə iclasına ekpert dəvət olunacaq.
Məhkəmənin növbəti prosesi oktyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini E.Abuşov 796 ədəd 100 dollarlıq saxta əsginası 49 min manata satmaq istəyərkən saxlanılıb.
Aparılmış tədbirlərlə ona saxta əsginasların Bakı şəhər sakini V.Abbasov və Gürcüstan vətəndaşı Ə.Rüstəmov tərəfindən verilməsi müəyyən edilib və hər iki şəxs polis əməkdaşları tərəfindən tutulub. Baxış zamanı Ə.Rüstəmovun üzərindən 2 ədəd, V.Abbasovdan isə 10 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.