​Bakıda saxta dollar satan şəxs: "İçkili olmuşam"

​Bakıda saxta dollar satan şəxs: "İçkili olmuşam" Məhkəmənin növbəti prosesi noyabrın 5-nə təyin edilib
Hadisə
30 Oktyabr , 2015 15:56
​Bakıda saxta dollar satan şəxs: İçkili olmuşam

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində saxta əskinas satmaqda təqsirləndirilən Şamaxı şəhər sakini Mehman Qafarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi çıxış edib.

O bildirib ki, M.Qafarov saxta əskinasları satan zaman içkili vəziyyətdə olub: "O, tutduğu əməldən peşmandır. Mehman Qafarov saxta əskinasları satarkən içkili vəziyyətdə olub. Onu aldadıblar".

Hakim Eldar İsmayılov M.Qafarova çıxış etmək üçün söz versə də, o, çıxışa hazır olmadığını və növbəti prosesə qədər vaxt istədiyini deyib.

Məhkəmənin növbəti prosesi noyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhər sakini Mehman Qafarov 200 ədəd 100 dollarlıq saxta əskinası Bakının Nərimanov rayonu ərazisindəki parkda satarkən tutulub. Üzərinə baxış zamanı ondan əlavə 18 ədəd 100 manatlıq saxta əskinas da aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi