​Bakıda quldurluq edən dəstənin məhkəməsi keçirilib

​Bakıda quldurluq edən dəstənin məhkəməsi keçirilib Zərərçəkən: “Kassa aparatını açmaq istmədiyimə görə həmin şəxs əlimi bıçaqla yaraladı”
Hadisə
9 Oktyabr , 2015 15:05
​Bakıda quldurluq edən dəstənin məhkəməsi keçirilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rəşad Quliyevin evinə maskalı basqın etməkdə, həmçinin digər bir sıra cinayətlərdə təqsirləndirilən Mircavid Mirbağırov, Salman Zeynalov, Yaşar Yusifov, Şamil Quliyev və Mais Abıyevin növbəti məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda zərərçəkən - Zita Əkbərova, Fərman İqbalov və təqsirləndirilən şəxslər ifadə verib.

Mağazada satıcı işləyən Z.Ələkbərova onun çalışdığı yerə ucaboylu, başında maska olan bir şəxsin basqın etdiyini deyib: “İşlədiyim mağazaya ucaboylu, başında maska olan bir şəxs basqın etdi. Məndən kassa aparatını açmağımı istədi. O məni bıçaqla hədələdi. Kassa aparatını açmaq istmədiyimə görə həmin şəxs əlimi bıçaqla yaraladı. Təxminən 200 manat pul götürüb getdi”.

Lakin Z.Ələkbərova məhkəmədə təqsirləndirilən şəxslərdən heç birini tanıya bilmədiyini bildirib.

İ.Fərmanov isə dindirilən zaman qaz sayğacının oğurlandığını vurğulayıb: “Bağ evimdən qaz sayğacını oğurlayıblar. Polisə müraciət etdim. Mənə daha çox maraqlı gəldi ki, kimsə qəsdlə sayğacı aparıb?! Bu hadisədən bir qədər sonra qonşunun evində də oğurluq edildi. Polisdən bildirdilər ki, sayğacı aparanlar tutuldular. Lakin bu şəxslərdən heç birini tanımıram. Sayğacı isə heç kim mənə təhvil verməyib”.

Təqsirləndirilən şəxs Y.Yusifov bu işdə günahının olmadığını, yalnız Rəşad Quliyevin evinə maskalı basqın etdiklərinə görə tutulduğunu bildirib.

Digər zərərçəkən Gülnarə Məmmədova xaricdə olduğu üçün məhkəmənin növbəti iclası oktyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, Bakıda quldurluqla məşğul olan dəstə üzvləri 2014-cü ilin sentyabr ayında tutulub.

Son xəbərlər

Orphus sistemi