​Bakıda qətl törətməkdə təqsirləndirilən gənc məhkəməyə müraciət edib

​Bakıda qətl törətməkdə təqsirləndirilən gənc məhkəməyə müraciət edib İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq
Hadisə
30 İyul , 2016 13:56
​Bakıda qətl törətməkdə təqsirləndirilən gənc məhkəməyə müraciət edib

Bakı. 30 iyul. REPORT.AZ/ Bakıda qətl törətməkdə və quldurluq etməkdə təqsirləndirilən Pərviz Abbasov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 3-nə təyin edilib.

İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə ötən il avqustun 2-də saat 01:00 radələrində Səbail rayonununda baş verib. Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarə etdiyi "Nissan Sunny" markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsinin Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 20 yaşlı P.Abbasov tərəfindən törədilməsi müəyyən edilib.

Həmçinin o da müəyyən edilib ki, P.Abbasov bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törədib. P.Abbasovun Biləsuvar rayonunda gizləndiyi müəyyən olunub və o, yaxalanaraq istintaqa təhvil verilib.

P.Abbasov Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham olunub.

Bu il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Abnasov 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi Zöhrab Əskərov və zərərçəkmiş şəxsin hüquqi varisi Xanım Paşayeva apellyasiya şikayətləri verib.

Son xəbərlər

Orphus sistemi