​Bakıda qardaşını güllələyən kriminal avtoritetin şikayəti əsasında məhkəmə başlayıb

​Bakıda qardaşını güllələyən kriminal avtoritetin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib
Hadisə
19 Aprel , 2016 09:12
​Bakıda qardaşını güllələyən kriminal avtoritetin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 19 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qardaşını güllələyərək öldürməkdə təqsirləndirilən Teyyub Paşayev həbsxanaya keçirilməsi barədə cəzaçəkmə müəssisənin təqdimatının təmin edilməməsi ilə bağlı məhkəmə qərarından verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, 2012-ci ilin sentyabr ayının 5-də Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumatına görə, qətl hadisəsi həmin ayın 4-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Şota Rustavelli küçəsində baş verib. T.Paşayevin doğma qardaşı Seyyub Paşayevə odlu silahdan atəş açıb. Ağır güllə yarası alan S.Paşayev 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra DİN-in Baş Cinayət-Axtarış İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə münaqişəsi zəminində törədən T.Paşayev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi 1 ədəd “Makarov” markalı tapança, 2 patron darağı və 14 ədəd patron götürülüb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.

2013-cü ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Paşayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Belə ki, T.Paşayevin 9 il cəzası 7 il 6 ay müddətinə endirilib.

T.Paşayev onun həbsxanaya keçirilməsi barədə cəzaçəkmə müəssisənin təqdimatının təmin edilməsi üçün Nizami Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə məhkumun təqdimatını təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.

Xatırladaq ki, qətl hadisəsi baş verən zaman mətbuatda T.Paşayevin kriminal avtoritet Rövşən Lənkəranski ilə yaxın münasibətləri olduğu yazılıb.

Son xəbərlər

Orphus sistemi