Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azad Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il martın 25-də baş verib. Bakı şəhər sakini Ramidə Məmmədovanın 70 manatı və sənədləri soyğunçuluq yolu ilə alınıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayon sakini, əvvəllər məhkum olunmuş A.Camalov tutulub.
O, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.