​Bakıda polis əməkdaşını öldürən şəxsə hökm oxunub

​Bakıda polis əməkdaşını öldürən şəxsə hökm oxunub İsgəndər Bəbirov 17 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
16 Avqust , 2016 16:42
​Bakıda polis əməkdaşını öldürən şəxsə hökm oxunub

Bakı. 16 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qısqanclıq zəminində polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən İsgəndər Bəbirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Bəbirov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov keçmiş həyat yoldaşının evinə gələrək, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı, 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib. İ.Bəbirov eyni vaxtda həyətdə fəhlə işləyən Nicat Şəbiyevi də bıçaqlayaraq hadisə yerindən qaçıb. Lakin Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb. Yaralı N.Şəbiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirlib.

İ.Bəbirov ov tüfəngi ilə həyətə girərək bir neçə atəş açıb. Güllələrdən biri M.Muradovun baş nahiyəsinə dəyib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi