Bakı. 6 avqust. REPORT.AZ/ Bakıda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Qüdrət Əbilovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası avqustun 10-na təyin edilib.
İşə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə bu il Xətai rayonu ərazisində yerləşən Ordubad kafesində baş verib. Kafenin müştərisi olan Q.Əbilov spirtli içkinin təsiri altında kafedə olan qohumlar Zamin və Elvin Əliyevlərlə mübahisə edib. Mübahisə zəminində Q.Əbilov hər iki şəxsi bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb və həyatları xilas edilib.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunub.
Bu il iyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. Əbilov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyir.