​Bakıda evlərdən oğurluq edən şəxslərin məhkəməsi keçirilib

​Bakıda evlərdən oğurluq edən şəxslərin məhkəməsi keçirilib “Baxdım ki, mücrünün içərisi boşdur”
Hadisə
29 Sentyabr , 2015 16:15
​Bakıda evlərdən oğurluq edən şəxslərin məhkəməsi keçirilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vaqif Rüstəmov və Aqşin Qarayevin cinayət işi üzrə məhkəməsi keçirilib.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər və zərərçəkən - Təranə Qurbanova ifadə verib.

T.Qurbanova ifadəsində məhkəmədən ona dəyən ziyanın ödənilməsini istəyib: "Hadisə günü işdən evə gəldim. Qapını açarkən qıfılın çətin işlədiyini hiss etdim. İçəri daxil olanda mənə məxsus olan qızıl-zinət əşyaları olan mücrünü stolun üstündə gördüm. Sonra baxdım ki, mücrünün içərisi boşdur. Çantalarım isə çarpayının üzərinə atılmış formada qalmışdı. Ümümilikdə, 2 800 manat dəyərində qızıllarım oğurlanıb. Vaqif və Aqşin evə girməmişdən əvvəl qonşu evin təhlükəsizlik kamerasına düşüblər. Məhkəmədən xahiş edirəm ki, mənə dəymiş ziyan ödənilsin".

V.Rüstəmov T.Qurbanovanın evinə oğurluğa tək girdiyini bildirib: "Mən həmin evə tək girmişəm. Həmin vaxt Aqşin liftin yanında məni gözləyirdi. Daha sonra qızılları götürüb evdən çıxdım".

Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, V.Rüstəmov və A.Qarayev Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, V.Rüstəmov və A.Qarayev digər mənzillərə daxil olaraq oğurluq etməkdə də təqsirləndirilirlər.

Son xəbərlər

Orphus sistemi