Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıda cibgirliklə məşğul olan Gürcüstan vətəndaşları saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatı Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi, Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 24-cü Polis Bölməsi əməkdaşları birgə həyata keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 11-də 11:00 radələrində, Naxçıvanski küçəsi 38-də yerləşən bazarda Bakı şəhər sakinləri – Mərdan Qənbərovun cibindən 52 manat, saat 11:30 radələrində Əlif Orucovun cibindən 242 manat pulunu cibgirlik yolu ilə oğurlamaqda şübhəli bilinənlər, Gürcüstan vətəndaşları 1977-ci il təvəllüdlü Goqolodze Georqia Merlakoviç, 1981-ci il təvəllüdlü Geduadze Guram Giorgeviç, Eristavi David Meraboviç və 1980-ci il təvəllüdlü Kereselidze Mindia Nudaroviç tutulub. Şübhəli şəxslərin üzərinə baxış zamanı G.Goqolodzedən 2,035 qram, G.Gequhadzedən 1,942 qram, D.Eristavidən 1,919 qram və M.Kereselidzedən 2,310 qram tiryək aşkar olunaraq götürülüb.