Bakıda bu ilin 9 ayı ərzində 143 odlu silah, 8 872 patron və 9 qumbara aşkarlanıb

Bakıda bu ilin 9 ayı ərzində 143 odlu silah, 8 872 patron və 9 qumbara aşkarlanıb Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilib
Hadisə
15 Oktyabr , 2016 17:51
Bakıda bu ilin 9 ayı ərzində 143 odlu silah, 8 872 patron və 9 qumbara aşkarlanıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) bu ilin doqquz ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. "Report" Azərtaca istinadən xəbər verir ki, müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi dövlət quruculuğu prosesinin cari ilin ötən dövründə də uğurla davam etdirildiyini, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunduğunu vurğulayıb.

Qeyd edilib ki, bütün bu uğurların, iqtisadi inkişafın əsasını təşkil edən siyasi sabitiyin qorunmasında, ölkədə cinayətkarlıqla mübarizə və təhlükəsizliyin təminində Daxili İşlər Nazirliyi (DİN) və onun əsas qurumlarından biri olan BŞBPİ üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirib.

Müşavirə iştirakçılarına 2016-cı ilin doqquz ayı ərzində paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə təqdim edilib.

Məruzədə qeyd olunub ki, hesabat dövründə paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 9137 ( ötən ilin müvafiq dövründə 8706) cinayət qeydə alınıb. Onların 82,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 17,3 faizi isə ağır və xüsusilə ağır növlər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 15,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 14,0 faiz azalıb. Cinayətlərin 78,5 faizinin (ötən ilin müvafiq dövründə 75,9 faiz), ağır növlərinin 78,1 faizinin (77,9 faiz), qeyri-aşkar şəraitdə baş verənlərin 67,8 faizinin (64,7 faiz) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1314 cinayətdən 95,7 faizi (92,3 faiz), o cümlədən qəsdən adam öldürmələrin 98 faizi, adam öldürməyə cəhdlərin 100 faizi açılıb.

Diqqətə çatdırılıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə ümumi cinayətlərin açılması 2,6 faiz, onların ağır və xüsusilə ağır növlərinin açılması 0,2 faiz, şəxsiyyət əleyhinə olanların açılması 3,4 faiz, o cümlədən adam öldürməyə cəhdlərin açılması 10,5 faiz, zorlamaların açılması 14,3 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 5,1 faiz, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqlarının açılması 26,4 faiz, mənzillərdən edilən oğurluqların açılması 10,6 faiz, mal-qara oğurluğunun açılması 25,2 faiz, mənimsəmə və israf etmə cinayətlərinin açılması 9,7 faiz, soyğunçuluqların açılması 11,6 faiz, quldurluqların açılması 3,5 faiz, dələduzluqların açılması 0,8 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 10,2 faiz, xuliqanlıqların açılması isə 5,2 faiz yaxşılaşıb.

Bildirilib ki, cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 2692 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 214 bağlı cinayət açılıb. Habelə 61 soyğunçuluq və quldurluq cinayəti törətmiş 112 nəfərdən ibarət 54 qrup, eləcə də mənzillərdən 249 oğurluq törətmiş 121 nəfərdən ibarət 47 cinayətkar qrup ifşa olunub. Bununla yanaşı, təqsirləndirilən şəxs qismində axtarışda olan 1402 nəfərdən 69 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 553 nəfərdən isə 53 faizi tutulub.

Hesabat dövründə narkotiklərlə bağlı aşkar edilmiş 973 (1074) fakt üzrə qanunsuz dövriyyədən 235 kiloqramdan çox (+8 kq 817 qr) narkotik vasitə çıxarılıb. 96 odlu silah, 9 qumbara, 8872 döyüş patronu yığılıb, əməliyyat yolu ilə qanunsuz saxlanılan və gəzdirilən 47 odlu silah götürülüb.

Paytaxt ərazisində baş vermiş 490 (600) yol-nəqliyyat hadisəsində 138 (175) nəfər həlak olub, 515 (645) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 18,3 faiz, həlak olanların sayı 21,1 faiz, xəsarət alanların sayı 20,2 faiz azalıb. Eyni zamanda, həm ümumi qayda pozuntularının (1,2), həm də kobud qayda pozuntularının aşkarlanması (0,1) azalıb, habelə 49 (-54, 103) avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılıb, 882 (517) müvafiq müraciətdən 517-nin (+141, 376) icrası təmin olunub.

Qarşıda duran mühüm vəzifələrdən olan vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 22 min 919 ərizə və müraciət daxil olub, 2441 vətəndaş qəbul edilib. Müraciətlərin 2145-i nazirliyin və Baş İdarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Diqqətə çatdırılıb ki, paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən Formula-1 Avropa Qran-Pri yarışları, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum zamanı asayişin mühafizəsi daha da gücləndirilərək mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər görülüb.

Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsan və çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.

Əməliyyat müşavirəsinə yekun vuran Baş İdarənin rəisi Mirqafar Seyidov 2016-cı ilin doqquz ayı ərzində paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını qeyd edib. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib. Baş İdarənin rəisi daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisi bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin təmini istiqamətində qarşıya qoyulan vəzifələri, verilən göstərişləri layiqincə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq.

Son xəbərlər

Orphus sistemi