​Bakıda 23 yaşlı oğlanı qətlə yetirən şəxslərin məhkəməsi keçirilib

​Bakıda 23 yaşlı oğlanı qətlə yetirən şəxslərin məhkəməsi keçirilib "Qonşu tərəfdən "ay Allah öldüm" səsi gəldi"
Hadisə
10 Dekabr , 2015 13:54
​Bakıda 23 yaşlı oğlanı qətlə yetirən şəxslərin məhkəməsi keçirilib

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 23 yaşlı Nihad İsmayılovu qətlə yetirməkdə təqsirləndirilən 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid Yusif Şərifov ifadə verib. O, ifadə zamanı hadisə yerinə qətl baş verəndən sonra gəldiyini deyib: "Evə çörək alıb qayıdanda məhəllədə 5-6 nəfər gördüm. Onlara yaxınlaşanda burada İsmayıl, Gündüz və Cahidi tanıdım. Digər şəxslər isə tanış deyildilər. Bundan 15 dəqiqə sonra evdə olanda qonşu tərəfdən "ay Allah öldüm" səsi gəldi. Qonşumuz Mirələkbər Səttarovun evinə daxil olan zaman hamamın qarşısında onun əlində balta ilə dayandığını gördüm. Hamamın içərisində isə mərhum Nihad yerdə üzəri qanlı vəziyyətdə uzanmışdı. Mirələkbər Səttarov mənə dedi ki, "ona yaxınlaşma". Qorxumdan qışqırdım və bu zaman səs-küyə anam gəldi. Anam Mirələkbər əmini dilə tutdu və bu zaman Xətai onun üstünə gedib, baltanı əlindən aldı".

Daha sonra hakim Faiq Qəniyevin "səndən sonra hadisə yerinə ilk gələn kim oldu?" sualına Y.Şərifov belə cavab verib: "Həmin vaxt şokda idim. Amma onu dəqiq bilirəm ki, hamamın qarşısında ilk Gündüzü gördüm. Xətai hadisə yerinə ondan sonra gəldi".

Məhkəmənin növbəti iclası dekabrın 18-na təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ilin noyabrın 19-da saat 21:30 radələrində, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində baş verib. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nihad İsmayılov naməlum şəraitdə qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən Sabunçu qəsəbə sakinləri, 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulub. Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi