Bakı. 7 may. REPORT.AZ/ Bakı-Sumqayıt yolunun 14-cü km.-də yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, qəza zamanı Sumqayıt şəhərindən paytaxta doğru hərəkət edən "Mercedes" markalı yük maşınının sürücüsü 1961-ci il təvəllüdlü Məcidov Ağababa Qulam oğlu idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı xəsarət alan sürücü A.Məcidov təcili tibbi yardım avtomobili ilə 1 Saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Qəza zamanı avtomobil yüklə dolu olub. Aşan avtomobilin yük yerində olan qum asfaltın üzərinə dağılıb. Sumqayıtdan paytaxt istiqamətində olan tuneldə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Paytaxt istiqamətində gedən avtomobillər kənar yolla hərəkət etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, yük maşını aşan zaman tunelin beton divarlarını da uçurub. Qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində başlanan araşdırmalar davam etdirilir.